Namaz – salət – lüğəti mənası dua deməkdir. «Onlardan ötrü (salət) dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıq və aydınlıqdır». (ət-Tövbə 103). İstilahı mənası – Təkbirlə başlayıb (Allahu Əkbər ilə) başlayıb Təslimlə (salam verməklə) qurtaran, xüsusi kəlmələrdən ibarət olan ibadətdir.
Namaz Peyğəmbər – sallallahu aleyhi və səlləm – in göstərdiyi şəkildə qılınmalıdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Mənim necə namaz qıldığımı görürsünüzsə, siz də elə namaz qılın».
Namazı gözəl bir şəkildə qılan kimsə üçün namaz Qiyamət günü bir nur, bir dəlil və bir qurtuluş səbəbi olacaqdır.
«Həqiqətən möminlər nicat tapmışlar! O, kəslər ki, namazlarında müti olub boyun əyərlər». (əl-Muminun 1-2).
Zəkat – lüğəti mənası artmaq, çoxalmaq, təmizləmək, bərəkət olan bir kökdən gəlməkdədir. İstilahı mənası təyin olunmuş miqdara çatmış, məlum olan vaxta (ilin tamamında və ya məhsul yığımında) səkkiz sinif insanlar üçün ayrılan mal.
Ona bu adın verilməsinin səbəbi zəkatın malın bərəkətini artırması, zəkat verən kimsəni malın şərindən qurtarması, simiclikdən uzaq olmasına görədir. «Onların mallarından sədəqə (zəkat) al. Bununla onları təmizləmiş, pak etmiş olarsan». (ət-Tövbə 103). Cabir – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər: «Ey Allahın Rəsulu! Əgər malın zəkatını versəm bu haqda fikrin nədir?» Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Malın zəkatını verən kimsədən o, malın şərri uzaqlaşır».
Bu iki ibadət növləri bir-birindən ayrılmazdılar. Qurani-Kərimdə bir yerdə çox zikr olunurlar. «Halbuki onlara əmr edilmişdi ki, Allaha dini yalnız ona məxsus edərək, digər bütün batil dinlərdən islama dönərək ibadət etsinlər, namaz qılıb, zəkat versinlər. Doğru-düzgün din budur». (əl-Bəyyinə 5). Bu ayədə Allaha ibadət etmənin, namaz qılıb zəkat vermənin doğru din olması açıqlanmışdı. Allah doğru dini hər hansı bir əyrilik olmayan din adlandırmışdı. Allahın dinində əyrilik olmaz, o, mustəqimdir. «Bu şübhəsiz ki, mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapdıracaq yollara uymayın. Allah sizə bunları tövsiyə edir ki, bəlkə pis əməllərdən əl çəkəsiniz». (əl-Ənam 153).