Əhli Sünnə vəl Cəmaat – Ərş və Kursinin də haqq olduğuna inanırlar. Ərş – kəlməsi Qurani-Kərimdə iyirmi bir yerdə qeyd olunur. «Şanlı ərşin sahibi də odur». (əl-Buruc 15). «Ərşin sahibi olan Allah». (əl-Mumin 15). «O, böyük ərşin sahibi olan Allahdan başqa ilah yoxdur». (ən-Nəmi 26). «O, uca və kərim olan ərşin sahibidir». (əl-Muminun 116). Ərş – Taxt deməkdir. «Onun çox böyük əzəmətli ərşi (taxtı) də vardı». (ən-Nəml 23). «Yusif ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı». (Yusif 100).
Ərş mələklərin daşıdığı və tutacağı taxtdır. Ərşin tutacağı vardır. Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurur: «İnsanların çaşqın olan vaxtı ilk oyanan mən olacağam. Bir dəfə baxıb görəcəm ki, Musa – əleyhissəlam – Ərşin tutacağından tutub». Aləmin üzərində Qübbə formasındadır, bütün məxluqatın tavanıdır. Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Allahdan Cənnəti istədiyiniz zaman Firdovs Cənnətini istəyin. Çünki o, Cənnətin ən yüksək yeri və Cənnətin ən orta yeridir. Onun üstündə Rahmənin Ərşi vardır».
Ərş – kəlməsini mülk, qüdrət kimi təhrif ( dəyişmək) etmək istəyənlər bu ayələrə nə deyirlər. «Həmin gün Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır». (əl-Həqqa 17). «Onun ərşi suyun üzərindədir». (Hud 7).
İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki,Rəsulullah – sallallahu aleyhi və səlləm – səhabələrə buyurdu: «Bilirsinizmi, səma ilə yer arasında nə qədər məsafə var?» Səhabələr: «Allah və Rəsulu daha gözəl bilir». Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Hər bir səma qatı arasında 500 –il piyada getmək üçün məsafə vardır. Yeddi səma ilə ərşin arasında dəniz vardır. Bu dənizin dibi ilə səthi arasında səma ilə yer arasında olan məsafə vardır. Allah bunların hamısından yuxarıdadır. Adəm övladlarının heç birinin əməli ondan gizli qalmaz».
Rəhmanın ərşinin ağırlığı, böyüklüyü haqqında Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurur: «Yaratdıqlarının sayı qədər, özünün razı olacağı qədər, Ərşinin ağırlığı qədər və kəlmələrinin sayı qədər Allaha həmd edərək o, pak və nöqsansızdır».
Rəsulullah – səllallahu aleyhi və səlləm – sıxıntı anlarında buyurardı: «Allahdan başqa heç bir ilah yoxdur.O, çox böyükdür, Həlimdir. Allahdan başqa heç bir ilah yoxdur. O, böyük Ərşin Rəbbidir. Allahdan başqa heç bir ilah yoxdur. Göylərin Rəbbidir, yerin Rəbbidir. Kərim olan Ərşin Rəbbidir».
Kursi ərşdən sonra gəlib, ondan ayrıdır. Kursi dilsə – döşək və ya üzərində oturulan hər şey deməkdir. «And olsun ki, biz Süleymanı imtahana çəkdik. Taxtının üstünə bir cinn oturtduq (və ya ruhsuz bir cəsəd atdıq). Sonra o (peşman olub tövbə etdi və yenidən öz mülkünə taxtına) qayıtdı». (Sad 34).
Allahın Kursisi isə onun iki ayağının qoyduğu yerdir. İbn Abbas – radıyallahu anhu – dedi: «Kursi iki ayağın qoyulduğu yerdir. Ərşin böyüklüyünü isə Allahdan başqa heç kəs bilməz». O, da Qurani – Kərimdə yalnız bir yerdə qeyd olunur. «Onun kursisi göyləri və yeri əhatə etmişdi». (əl-Bəqərə 255). Kursinin elm olmaz haqda bəzi alimlər hədislər də gətirirlər. Lakin bu hədislərin hamısı zəifdir.
Ərş ilə Kursinin müqayisəsini Rəsulullah – səllallahu aleyhi və səlləm – belə izah edir. «Yeddi qat göy və yeddi qat yer, Allahın Kursisi yanında geniş səhraya atılmış bir halqa kimidir. Ərşin Kursiyə üstünlüyü isə bu geniş səhranın halqaya üstünlüyü kimidir». İbn Zeyd – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Yeddi qat göy və yeddi qat yer Kursi ilə müqayisədə qalxanın içərisinə atılmış yeddi dirhəmə oxşayır».
Allahın Ərşə də Kursiyə də ehtiyacı yoxdur. Allah Ərşə ehtiyacı olduğu üçün isteva etməmişdir. Allah Ərşə də, başqa şeylərə də möhtac olmaqdan münəzzəhdir. Allahın izzəti və uluhiyyəti Ərş və Kursidən də çox ucadır. Ərş də Kursi də Allahın qüdrəti və hökmü ilə daşınmaqdadır. «Əlbəttə, Allah aləmlərə möhtac deyildir». (Ali İmran 97). «Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə) möhtac deyildir». (Fatir 10).